"Oyunumuz yaxşı alındı. Məncə, "Səbail”lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi. Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə çevirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Emin Mahmudov evdə "Sabah”a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib. 27 yaşlı yarımmüdafiəçi iki oyundan sonra yenidən qələbə qazanmalarına diqqət çəkib: "Bizim üçün hər oyunda qalib gəlmək vacibdir. "Səbail”lə "Zirə”ni də məğlub etməli idik. Çox şadam ki, nəhayət, qələbə qazandıq. Artıq xal itirməyə haqqımız yoxdur. İnanıram ki, qələbənin ardı gələcək”.
Kapitan vurduğu qoldan da danışıb: "Təbii ki, "doqquzluğ”u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq”dan daxil oldu”.
Mahmudov sonda azarkeşlərə təşəkkür edib: "Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq azarkeşlərimizin bu gün də bizi dəstəkləməyə davam etməsi çox gözəldir. Buna görə onlara çox minnətdaram”.
Qeyd edək ki, Emin Mahmudov 24-cü dəqiqədə fərqlənərək, hesabı 2:0 edib. Bu, Mahmudovun ümumilikdə 6-cı qolu olub.