"Nikola Yurçeviçin bizi tanıması üçün təlim-məşq toplanışı lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev deyib. 27 yaşlı yarımmüdafiəçi Xorvatiya ilə AVRO-2020-nin seçmə qrup matçının çox ağır olacağını bildirib.
Bu səbəbdən, Qarayev oyunöncəsi hazırlıq prosesi keçmələrinin vacibliyini də bunula əlaqələndirib: "Biri var oyunçu barədə məlumat eşidəsən, biri də var futbolçunu məşqdə görəsən. Bunlara yeni baş məşqçi qərar verəcək. Toplanış olacaqsa, biz sevə-sevə gedəcəyik. Yeni baş məşqçinin bizdən nə istədiyini bilmək üçün toplanış yaxşı olardı. Çünki çox ağır səfərə gedəcəyik".
Qeyd edək ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.