UEFA Avropa Liqasında 1/8 final mərhələsinin bütün cavab görüşlərinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, növbəti mərhələyə son iki vəsiqənin sahibi əlavə vaxtda müəyyənləşib. İlk görüşdə İspaniyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etmiş "Sevilya" eyni nəticəni Çexiyadakı görüşün əsas vaxtında da göstərib. Uzatma dəqiqələrində isə "Slaviya" 2:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri qələbə topunu 119-cu dəqiqədə İbrahim-Benjamin Traore vurub. Beləliklə, Avropa Liqasının 5 qat qalibi "Sevilya" mübarizəni 1/8 finalda dayandırmalı olub. "Slaviya" isə gecənin sensasiyasını gerçəkləşdirib.
"Benfika" Xorvatiyanın paytaxtı Zaqrebdə 0:1 hesabı ilə uduzduğu "Dinamo"nu Portuqaliyada əsas vaxtda 1 qolla məğlub edib. Əlavə vaxtda isə Lissabon komandası daha 2 qol vuraraq, adını növbəti mərhələyə yazdırıb.
Daha bir gözlənilməz nəticə İtaliyada "İnter"lə Almaniya "Ayntraxt"ı arasındakı cavab görüşündə baş verib. Qonaqlar oyunun əvvəllərində qol vuraraq, qələbəyə nail olublar. İlk görüş qolsuz yekunlaşdığı üçün 1/4 finala "Ayntraxt" yüksəlib.
"Arsenal" Fransada 1:3 hesabı ilə uduzduğu "Renn"i İngiltərədə 3:0 hesabı ilə darmadağın edərək, mərhələ adlayıb. "Vilyarreal" isə Rusiyada 3:1 hesabı ilə yendiyi Rusiya "Zenit"inə İspaniyada da qalib gəlib - 2:1.
Beləliklə, 1/4 finala bu komandalar yüksəliblər: “Ayntraxt” (Almaniya), “Arsenal” (İngiltərə), “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Napoli” (İtaliya), “Slaviya” (Çexiya).
Qeyd edək ki, püşkatma mərasimi bu gün keçiriləcək.
---------------------------
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk 3 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, ən məhsuldar qarşılaşma Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" və İngiltərənin "Çelsi" komandaları arasındakı görüşdə qeydə alınıb. Londondakı ilk matçda "zadəganlar" 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, yenə müdafiədə oturmayıblar. Əksinə, Mauritsio Sarrinin baş məşqçi olduğu kollektiv bu dəfə "Dinamo"nun qapısından 5 cavabsız top keçirib. Qollardan 3-nü 5-ci, 33-cü və 59-cu dəqiqələrdə Olivye Jiru vurub. Digər qolların müəllifi 45+1-ci dəqiqədə Markos Alonso və 78-ci dəqiqədə 19 yaşlı hücumçu Kallum Hadson-Odoi olub.
"Zaltsburq" Avstriyada İtaliya "Napoli"sinə 3:1 hesabı ilə qalib gəlsə də, mərhələ adlaya bilməyib. Buna Neapoldakı ilk matçda meydan sahiblərinin böyük hesablı qələbəsi səbəb olub - 3:0.
Gecənin sensasiyasını isə Rusiya "Krasnodar"ı gerçəkləşdirməyə yaxın olub. Murad Musayevin rəhbərlik etdiyi kollektiv İspaniyada 1:2 hesabı ilə uduzduğu "Valensiya" ilə cavab görüşünün 85-ci dəqiqəsində Məhəmməd-Şəpi Süleymanovun qolu ilə önə çıxıb. Lakin 90+3-cü dəqiqədə Qonsalo Quedeş bərabərlik qolunu vuraraq, "yarasalar"ı 1/4 finala çıxarıb.
Beləliklə, "Çelsi", "Napoli" və "Valensiya" 1/4 finala yüksəlib. 1/8 final mərhələsinin qalan 5 cavab oyunu Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
-----------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/4 finala yüksələn komandaların adlarına aydınlıq gələcək.
"Qarabağ"la eyni qrupda yer almış İngiltərə "Arsenal"ı Fransanın "Renn" komandasını qəbul edəcək. Fransadakı matçda gözlənilmədən rəqibinə uduzan London klubu məğlubiyyətin əvəzini ən azı 2 cavabsız qolla çıxmağa çalışacaq.
İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"nun qonağı olacaq. İlk oyunda rəqibini böyük hesabla üstələyən "zadəganlar"ın bu mərhələdə büdrəyəcəyi inandırıcı görünmür.
Rusiya klubları isə İspaniya komandalarının müqavimətini qırmağa çalışacaq. "Zenit" səfərdə “Vilyarreal”la, “Krasnodar” isə evdə "Valensiya" ilə üz-üzə gələcək. Səfərdə rəqibinə minimal fərqlə uduzan "Krasnodar" doğma azarkeşlər önündə 1/4 finalı təmin etmək niyyətindədir. "Zenit" isə mərhələ adlamaq üçün işini yetərincə çətinə salıb.
Avropa Liqasında mübarizəni davam etdirən İtaliya klublarından "Napoli" Avstriyada "Zalsburq”la münasibətlərinə aydınlıq gətirəcək. Neapol təmsilçisi evdəki oyunda rəqibini böyük hesabla üstələdiyindən, bu matça rahat çıxacaq. "İnter" öz meydanında Almaniyanın yeganə təmsilçisi Frankfurt “Ayntraxt”ını mübarizədən kənarlaşdırmağa çalışacaq.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
1/8 final, cavab oyunları
14 mart
21:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə) - 0:5
Qollar: Olivye Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hadson-Odoi, 78
İlk oyun – 0:3
21:55. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) - 3:1
Qollar: Munas Dabbur, 25; Fredrik Qulbrandsen, 65. Kristof Leytgeb, 90+2 - Arkadiuş Milik, 14
İlk oyun – 0:3
21:55. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) - 1:1
Qollar: Məhəmməd-Şəpi Süleymanov, 85 - Qonsalo Quedeş, 90+3
İlk oyun – 1:2
24:00. “İnter” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:1
Qol: Luka Yoviç, 6
İlk oyun – 0:0
24:00. “Benfika” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 3:0 (ƏLAVƏ VAXT - 2:0)
Qollar: Jonas, 71; Fransisko Ferreyra, 94; Alexandro Qrimaldo, 105
İlk oyun – 0:1
24:00. “Slaviya” (Praqa, Çexiya) – “Sevilya” (İspaniya) - 4:3 (ƏLAVƏ VAXT - 2:1)
Qollar: Mişel Nqayyo-Nqacui, 15; Tomaş Suçek, 47 (pen.); Mik van Buren, 102; İbrahim-Benjamin Traore, 119 - Vissam Ben Yedder, 44 (pen.); Munir əl-Həddadi, 54; Franko Vaskes, 98
İlk oyun – 2:2
24:00. “Arsenal” (İngiltərə) – “Renn” (Fransa) - 3:0
Qollar: Pyer-Emerik Obameyanq, 5; 72; Enzli Meytlend-Naylz, 15
İlk oyun – 1:3
24:00. “Vilyarreal” (İspaniya) – “Zenit (Rusiya) - 2:1
Qollar: Jerar Moreno, 29. Karlos Bakka, 47 - Branislav İvanoviç, 90+1
İlk oyun – 3:1.