“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov I Divizionda yaranan fasilə müddətindən yararlanaraq Almaniyaya yollanacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mərkəzi Avropa ölkəsinə səfəri işgüzar xarakter daşıyacaq. İbrahimovu Almaniyaya vaxtilə Azərbaycanda və Hindistanda birgə işlədiyi, hazırda isə Frankfurt "Ayntraxt"ında beynəlxalq əlaqələr üzrə menecer olan Nikolay Adam dəvət edib.
Məşqçi Almaniyada olduğu müddətdə klubun düşərgəsinə baş çəkərək müasir futbolda tətbiq olunan yeniliklərlə tanış olub bilgilər əldə etməyə çalışacaq. Gənc mütəxəssisin Frankfurt təmsilçisinin baş məşqçisi Adi Hütterlə görüşü planlaşdırılıb. Əsas komandanın məşqlərini izləyəcək İbrahimov klubun akademiyasının fəaliyyəti də ilə maraqlanacaq. O, həmçinin, Bundesliqada XXVI turun “Ayntraxt" – “Nürnberq” matçını stadiondan izləyəcək.
Qeyd edək ki, Etibar İbrahimovun Almaniyaya səfəri ilk deyil. O, bir neçə dəfə bu ölkədə ixtisasartırma kurslarında olub.