
Xorvatiyaya qarşı futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litva ilə keçirəcəyi yoldaşlıq görüşünə hazırlaşan Azərbaycan milli komandası bu gündən təlim-məşq toplanışının intensiv mərhələsinə qədəm qoyub.
Millinin baş meneceri Zaur Hacı-Mərərrəmovun Sportnet.az-a verdiyi məlumata görə, hazırda toplanışda 20 futbolçu yer alıb. Legionerlərdən Qazaxıstan "Tobol"unun qapıçısı Emil Balayev də artıq düşərgədədir. Rüfət Dadaşov, Dmitri Nazarov və Eddi İsrafilov isə bu axşam birgə Frankfurt reysi ilə Bakıya gələcəklər.
Milli üzvləri üç gün ərzində Milli Komandaların Mərkəzində çalışacaqlar. Martın 19-da günün ikinci yarısında isə yığma Zaqrebə yola düşəcək.
Qeyd edək ki, martın 21-də "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Yığma oyundan dərhal sonra Vətənə qayıdacaq. Martın 25-də "Bakcell Arena"da təşkil olunacaq Litva ilə yoldaşlıq görüşünün start fiti isə saat 18:00-da çalınacaq.