"Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd Rusiyanın Krasnodar şəhərindəki Avropa çempionatının elit-raundunda 1-ci qrupun İrlandiyaya 1:3 hesabı ilə uduzduqları II tur matçından sonra affa.az-a açıqlamasında deyib. Gənc mütəxəssisin sözlərinə görə, uduzmalarına baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar: "Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".
Qeyd edək ki, Azərbaycan yığması 2 oyundan 1 xal toplayıb. İrlandiya isə xallarını 6-ya çatdırıb. Son turda milli Rumıniyaya qalib gəlsə belə, final mərhələsinə vəsiqə üçün vacib olan 1-ci yeri tuta bilməyəcək.