
Azərbaycan Premyer Liqasında XXIII turun "Sumqayıt" - "Keşlə" və I Divizionda XXI turun "Keşlə-2" - "Turan Tovuz" oyunlarının hakim təyinatlarında dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, Sumqayıtdakı qarşılaşmada yan xətt hakimi Namiq Hüseynovu Vüqar Bayramov əvəzləyib. Paytaxtdakı görüşə isə Bayramovun yerinə Teymur Teymurov göndərilib.
Dəyişikliklər Hakim və hakim-inspektorlar üzrə komitənin Peşəkar Futbol Liqasına təqdimatına əsasında gerçəkləşib. Lakin komitə sədri Frits Ştuxlikin qərarının səbəbi açıqlanmayıb. Güman olunur ki, FIFA laynsmanı olan Hüseynov yan xətt hakimləri üçün fiziki hazırlıq testindən keçə bilməyib.
Qeyd edək ki, Namiq Hüseynov Premyer Liqada sonuncu dəfə martın 15-də "Səbail"in "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu XXI tur matçında, I Divizionda isə martın 29-da "Ağsu"nun MOİK-ə 0:4 hesabı ilə yenildiyi XX tur qarşılaşmasında iş başında olub.