Azərbaycan Premyer Liqasında XXIV turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "ASCO Arena"da "Səbail" "Neftçi"ni qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bu görüşdə də ilk yarıda qol vurulmayıb.
Hesabı isə 50-ci dəqiqədə açılıb. "Neftçi"nin heyətində Mirabdulla Abbasov fərqlənib. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylini yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub. Bundan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxarıb. Lakin 90+5-ci dəqiqədə Mamadu Mboc "Neftçi"ni məğlubiyyətdən xilas edib.
Final fitindən sonra hakimə iradını bildirən "Səbail"in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb.
Bu heç-heçədən sonra xallarını 35-ə çatdıran "Səbail" 3-cü pillədə qalıb. Çempionluq yolunda ciddi zərbə alan "Neftçi" isə 52 xalla 2-cidir. Lider "Qarabağ" 54 xala malikdir.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sabah"ı 3, "Zirə" isə "Sumqayıt"ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilmiş "Keşlə" - "Qəbələ" görüşündə qonaqlar qələbə qazanıb - 2:1.
--------
Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, autsayder "Keşlə" "ASK Arena"da "Qəbələ"ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda tərəflərdən heç biri fərqlənə bilməyib. İkinci hissə başlayan kimi Ceyms Adeniyi hesabı açıb. O, Premyer Liqada 9-cu qolunu vurub. 64-cü dəqiqədə Adeniyi qış fasiləsindən transfer olunmuş Davit Volkova məhsuldar ötürmə verib. Gürcüstanlı hücumçu isə həm özünün, həm də komandasının aktivinə ikinci qolu yazıb.
"Keşlə" isə təsəlli qolunu 76-cı dəqiqədə vurub. Con Kamara künc zərbəsindən sonra qapı qarşısında yaranmış qarışıqlıq nəticəsində topu tora göndərib.
Bu qələbə sayəsində xallarını 33-ə yüksəldən "Qəbələ" 4-cü pillədə qalsa da, 3-cü pillədəki "Səbail" komandası ilə xal fərqini minimuma endirib. "Keşlə" isə 19 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Sumqayıt"ı 2:0, "Qarabağ" "Sabah"ı 3:0 hesabı ilə yenib. Tura saat 18:00-da başlanacaq "Səbail" - "Neftçi" matçı ilə yekun vurulacaq.
------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun son 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə autsayder "Keşlə" "ASK Arena"da bu həftə Tale Heydərovun klub prezidenti vəzifəsindən istefası ilə sarsılan "Qəbələ"ni qəbul edəcək. Hazırda "Keşlə" 19 xalla 8-ci, "Qəbələ" 30 xalla 4-cü pillədə qərarlaşıb. Komandaların qarşısında fərqli məqsədlər var. Paytaxt təmsilçisi sonuncu pillədən qurtulmağı düşünürsə, əyalət təmsilçisi 3-cü pillə uğrunda mübarizəni davam etdirir. "Keşlə" xal qazansa, 7-ci pilləyə yüksələcək. "Qəbələ" qələbə qazanacağı təqdirdə isə 3-cü pillədəki "Səbail"lə xal fərqini ən azı bir neçə saatlıq minimuma endirəcək.
Qonaqlar oyuna itki ilə çıxacaqlar. Serbiyalı müdafiəçi Voyislav Stankoviç cəzalı olduğu üçün oynamayacaq. Meydan sahiblərindən isə qapıçı Kamran Ağayev bir neçə turdur zədəlidir.
İki komanda Premyer Liqada 44-cü dəfə üz-üzə gələcək. Əvvəlki qarşılaşmaların 14-də "Keşlə", 12-də "Qəbələ" qələbə qazandığı halda, 17 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də meydan sahibləri öndədir - 53:43. Üstün statistikasına rəğmən, “Keşlə” 14 oyundur "Qəbələ"yə qalib gəlmir. Paytaxt klubunun son üç ev oyununda hər iki komanda qol vurub.
Turun son matçı isə "Bayıl Arena"da "Səbail" və "Neftçi" komandaları arasında olacaq. Hazırda 34 xalla 3-cü yerdə gedən Aftandil Hacıyevin baş məşqçi olduğu komanda üçün xal itkisi "Qəbələ"nin ona yaxınlaşmasına gətirib çıxara bilər. 51 xala malik "Neftçi" isə ilk oyun günündə "Qarabağ"ın qələbə qazanması səbəbindən 2-ci pilləyə enib. Flaqman liderliyi geri qaytarmaq üçün mütləq qalib gəlməlidir.
Bu matça "Neftçi" itki ilə çıxacaq. Kapitan Emin Mahmudov cəzalı duruma düşdüyü üçün oynamayacaq.
İki komanda Premyer Liqada 8-ci dəfə üz-üzə gələcək. Əvvəlki oyunlardan 2-də "Səbail", 5-də "Neftçi" qələbə qazanıb. Görüşlərin heç biri "sülh"lə nəticələnməyib. Topların nisbətində "Neftçi" böyük fərqlə irəlidədir - 16:4. Digər tərəfdən, flaqman ardıcıl 6 oyundur meydanı qolsuz tərk etmir. Lakin "ağ-qaralar" III dövrədə evdə 1:2 hesabı ilə uduzub. “Səbail” isə son iki ev matçında quru hesabla yenilib.
Azərbaycan Premyer Liqası, XXIV tur
14 aprel (bazar)
15:00. “Keşlə” – “Qəbələ” - 1:2
Qollar: Con Kamara, 76 - Ceyms Adeniyi, 46. David Volkov, 64
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”
İlk 3 dövrədəki oyunlar - 1:1, 1:2, 0:0.
18:00. “Səbail” – “Neftçi” - 2:2
Qollar: Ədilxan Qarəhmədov, 81. Ağabala Ramazanov, 85 - Mirabdulla Abbasov, 50. Mamadu Mboc, 90+5
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”
İlk 3 dövrədəki oyunlar - 0:4, 0:2, 2:1.
Qeyd edək ki, ilk yarış günündə "Zirə" "Sumqayıt"ı 2:0, "Qarabağ" "Sabah"ı 3:0 hesabı ilə məğlub edib.