“Avropa Liqasını izləyirəm. İngilis finalı görmək istərdim. “Çelsi”yə azarkeşlik edəcəyəm”.
Sportnet.az xəbər verir ki, bunu “Sport-Ekspress”ə müsahibəsində Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun səfiri Aleksandr Səmədov deyib.
Hazırda Rusiyanın “Krılya Sovetov” klubunun formasını geyinən 35 yaşlı yarımmüdafiəçi Avropa Liqası ilə bağlı xatirələrini bölüşüb. O, “Lokomotiv”in heyətində 2015/2016 mövsümünün 1/16 final mərhələsində iki görüşün nəticəsinə əsasən Türkiyə “Fənərbağça”sına uduzduqlarını (0:2, 1:1) xatırlayıb: “Avropa Liqasında çox oynamışam. Ancaq dəqiq neçə dəfədir bilmirəm. Ən yadda qalanı “Lokomotiv”də “Beşiktaş”, “Sportinq” və “Skenderbeu” ilə eyni qrupa düşməyimdizdir. Pley-off mərhələsinə birinci yerlə yüksəldik. “Fənərbağça”nı keçmək üçün yaxşı şanslarımız vardı, təəssüf ki, bunu bacara bilmədik. Lakin qrup mərhələsini çox əla keçirdik. Təlim-məşq toplanışından dərhal sonra “Fənərbağça”ya 0:2 hesabı ilə uduzduq. Evdə isə hesabda 1:0 irəlidə idik. Bizim, eləcə də mənim yaxşı qol imkanlarımız oldu. Amma yekunda özümüz top buraxdıq. Bir qədər bəxtimiz gətirmədi”.
Səmədov daha iki ilk oynamaq üçün özünü fiziki baxımdan hazır saydığını da əlavə edib.
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) və “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) duelləri olacaq. Final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq.