"Hamımız istəyirik ki, çempionatımızda klub sayı çox olsun, futbolumuz inkişaf etsin. Lakin maliyyə və digər məsələlər var ki, onlara mütləq baxılmalıdır. Bütün bunlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq".
Sportnet.az saytı xəbər verir ki, bunu AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib. Əliyev uşaq futbolunda inkişafın hiss olunduğunu söyləyib: "Bu proses bütün regionlarda davam edir. Demək olar ki, bütün regionlarda olmuşam: Tərtər, Füzuli, Bərdə, eyni zamanda digər yerlərdə. İstedadlı uşaqlar kifayət qədərdir. Düzgün seleksiya qurulmalı və buna məsul olan məşqçilər işləməlidi. Ona görə ki, bu uşaqlar gələcəkdə Azərbaycan yığmasını layiqincə təmsil edə bilsinlər və ölkə futbolunu irəli aparsınlar".
AFFA rəsmisi Azərbaycan milli komandasının iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə oyunları barədə də danışıb. O, yığmadan hər iki ev matçında qələbə gözlədiyini vurğulayıb: "Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Futbolçularımız hər iki matçda bütün gücləri ilə mübarizə aparmalıdırlar. Başqa yol yoxdur. Çünki bu oyunlarda nə qədər çox xal toplasaq, gələcəkdə bir o qədər yaxşı olacaq. Əksi olarsa, bu, komandanın vəziyyətini çətinləşdirəcək. Həm baş məşqçi Nikola Yurçeviç, həm də futbolçular başa düşməlidir ki, onlar hansısa klubu deyil, milli komandanı təmsil edirlər. Hər iki görüşdə də qələbə qazanmalıyıq. İki oyunda 2 xal çox pis nəticə olar. Təəssüf ki, Millətlər Liqasında Malta, Farer adaları kimi komandalara qalib gələ bilmədik. Bu, oldu keçdi. Qarşıdakı matçlarda çalışıb qalib gəlməliyik. Nəzərə alaq ki, Avropa çempionatının 4 oyunu Bakıda olacaq".