"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Erzurumspor" komandası Türkiyə Super Liqası ilə vidalaşıb.
Sportnet.az xəbər verir ki, bu, XXXIV turun oyunlarından sonra məlum olub. Sonuncu turda "Kayserispor" üzərində 2:0 hesablı səfər qələbəsi də "Erzurumspor"a kömək etməyib. Bu matçda Şehiç sonadək meydanda olub.
34 oyundan 35 xal yığan "Erzurumspor" 18 komanda arasında 17-ci yeri tutub. I Liqaya enən digər iki komanda 37 xalı olan "Bursaspor"la 27 xala malik "Akhisarspor" olub.
69 xalla 1-ci yeri tutan "Qalatasaray" Çempionlar Liqasının qrup, 67 xalla 2-ci olan "Başakşehir" III təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 65 xalla 3-cü yeri tutan "Beşiktaş" Avropa Liqasının qrup, "Trabzonspor" və "Yeni Malatyaspor" isə təsnifat mərhələlərindən etibarən qüvvələrini sınayacaqlar.