“Qəbələ” 2019/2020 mövsümünün hazırlıqlarına iyunun 17-də start verəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” ilk təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv hazırlığın birinci mərhələsini iyunun 29-da Bakıda "Zirə"yə qarşı yoxlama oyunu ilə başa vuracaq.
Qarşılaşmanın ertəsi bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq. İkigünlük istirahətdən sonra bir araya gələcək “qırmızı-qaralar” iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək. Ayın 4-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
“Qəbələ” iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. "Qırmızı-qaralar" ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda gücünü sınayacaq. Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib. İlk yoxlama oyununda Azərbaycan komandası Ukrayna təmsilçisi “Mariupol”la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da “Qəbələ” kimi UEFA Avropa Liqasında çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun qalibi olan “qırmızı-qaralar” UEFA Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.