"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldovanın "Sperantsa" klubu 1991-ci ildə yaranıb.
Sportnet.az-ın məlumatına görə, komanda əvvəlki mövsümü 38 xalla 4-cü pillədə başa vurub. "Şerif" "qızıl dubl" etdiyi üçün Nisporenı komandası Avropa Liqasında iştirak etmək hüququ qazanıb.
Moldova təmsilçisinin hazırkı baş məşqçisi Kristian Efrosun 27 yaşı var və o, 2014-cü ildən - 22 yaşından kollektivə rəhbərlik edir. K.Efrosun futbolçu karyerası isə zədə səbəbindən qısa sürüb. O, baş məşqçi təyin olunduğu vaxt atası Petra Efros "Sperantsa"nın idman direktoru olub. Klub ev oyunlarını 7 min azarkeş tutumuna malik stadionda keçirir. "Sperantsa" hazırda Moldova çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.
"Səbail"in rəqibi Rumıniyanın "Universitatya" komandasını Moldova təmsilçisinə nisbətən çətin rəqib hesab etmək olar.
Klub 2013/2014 mövsümündə aşağı dəstədə çempion olaraq Premyer Liqada iştirak etmək hüququ əldə edib. "Universitatya" ilk mövsümdəcə çempionatı 5-ci pillədə bitirib və Avropa Liqasında iştirakını təmin etsə də, UEFA lisenziyası ala bilməyib. Rumıniya təmsilçisi ev oyunlarını 30 min 944 azarkeş tutumuna malik Yon Oblemenko stadionunda oynayır.
İtaliyalı Devis Manyanın baş məşqçi olduğu kollektiv başa çatan mövsümü 36 xalla 4-cü pillədə başa vurub. "Krayova" 2017/2018 mövsümündə isə çempionatda üçüncü olub və medalçılar sırasına düşə bilib. Komanda həmin mövsüm ölkə kubokuna da sahib olub.
"Krayova"da "Qəbələ"nin sabiq futbolçusu Andrey Kristia və ölkəmizdə "Zirə" və "Keşlə"nin formasını geyinən Sezar Meza Kolli də çıxış edir. Hücumçu mövqeyində oynayan Kristia 2014-cü ildə, Sezar Meza Kolli isə 2016 - 2018-ci illər aralığında Azərbaycanda çıxış edib.