Braziliya milli komandasının qadın futbolçusu Marta Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeni dünya çempionatları tarixinin bombardirləri siyahısında keçib.
Sportnet.az-ın məlumatına görə, bu, qadınlar arasında dünya çempionatının qrup mərhələsində Braziliya və İtaliya arasındakı görüşdə baş verib. 33 yaşlı forvard 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0. Nəticədə "sambaçı" mundiallarda vurduğu qolların sayını 17-yə çatdırıb. Artıq karyerasını başa vurmuş Klozeni 16 qolu var. Üçüncü yerdə isə 15 topla Martanın kişi həmyerlisi Ronaldo qərarlaşıb.
Qeyd edək ki, Marta FIFA versiyası üzrə 6 dəfə (2006, 2007, 2008, 2009, 2010, 2018) ilin ən yaxşı qadın futbolçusu sayılıb. O, Braziliya yığmasının heyətində 2007-ci il dünya çempionatının və Yay Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı olub.