
2019/2020 mövsümünə hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” komandası bu gün yoxlama oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağına çıxacaq. Qonşu ölkədəki toplanışın 4-cü günündə rəqib Ukrayna “Mariupol”u olacaq. Görüş Hendek Atatürk stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 18:30-da çalınacaq.
Əsası 1960-cı ildə qoyulan Mariupol şəhərinin eyniadlı təmsilçisi 59 illik tarixi ərzində dəfələrlə adını dəyişib. “Azovstal”, “Azovets”, “Metallurq”, “Lokomotiv”, “Novator”, “İliçevets” kimi çıxış edən klub iki il öncə “Mariupol” adını alıb. Uzun illər SSRİ və Ukraynanın aşağı liqalarında mübarizə aparan komanda 1997/1998 mövsümündə yüksək dəstədə debüt edib. Həmin vaxtdan fasilələrlə Premyer Liqada mübarizə aparan mariupollular 2001/2002, 2005/2006 və 2018/2019 mövsümlərində ən yaxşı nəticəsinə imza ataraq 4-cü yeri tutub. 2000/2001, 2005/2006 və 2017/2018 mövsümlərində Ukrayna Kubokunda yarımfinala yüksələn “Mariupol” bu turnirdə daha böyük uğur qazana bilməyib.
Avrokuboklarda iki mövsüm keçirən ukraynalılar bu yay yenidən UEFA Avropa Liqasında mübarizə aparacaq. Mariupol təmsilçisi yarışa III təsnifat mərhələsindən başlayacaq.
Yoxlama oyunu
7 iyul
18:30. “Qəbələ” – “Mariupol” (Ukrayna)
Hendek Atatürk stadionu.