
"Neftçi" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, komanda Moldovada "Sperantsa" ilə üz-üzə gəlib. Kişinyovdakı "Zimbru" stadionunda keçirilmiş qarşılaşma flaqmanın böyük hesablı qələbəsi ilə bitib - 3:0.
"Neftçi" artıq 16-cı dəqiqədə hesabı açıb. Rəqibin cərimə meydançasında Rauf Əliyevə qarşı kodubluğu penaltiyə səbəb olub. Topa yaxınlaşan Emin Mahmudov hədəfdən yayınmayıb. Flaqman 29-cu dəqiqədə də fərqlənməyə yaxın olub. Dario Frederikonun uzaq məsafədən zərbəsi dirəkdən qayıdıb. İkinci qol isə 35-ci dəqiqəyə təsadüf edib. Komandanın yeni transferi Stiven Monroz cərimə zərbəsinin yerinə yetirilməsi ilə başlanan kombinasiyanın yekununda Moldova təmsilçisini yenidən mərkəzə dəvət edib. Birinci hissənin sonlarında "Sperantsa" təhlükəli epizodla diqqət mərkəzinə düşüb. Lakin qapıçı Səlahət Ağayev rəqib oyunçu ilə təkbətək dueldən qalib ayrılıb.
Birinci yarıda olduğu kimi ikinci hissə də "Neftçi"nin üstünlüyü ilə başlayıb. 58-ci dəqiqədə Səlahət Ağayev növbəti dəfə inamlı oynayaraq qola əngəl olub. 66-cı dəqiqədə Emin Mahmudovun uzaqdan zərbəsi qapının yanından keçib. 70-ci dəqiqədə Vangelis Platellasın əvəzinə meydana Rəhman Hacıyev daxil olub. Yarımmüdafiəçi 76-cı dəqiqədə baxımlı qolla fərqi daha da artırıb. Onun bu qolu yerli media nümayəndələri tərəfindən də alqışlanıb.
Görüşün 80-ci dəqiqəsinəndə Dario Frederiko yerini Namik Ələskərova verib. 86-cı dəqiqədə isə Stiven Monrozun yerinə İsmayıl Zülfüqarlı meydana daxil olub. Rəqibin son dəqiqələrdəki cəhdləri də bir nəticə verməyib.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.
-------------------------
"Səbail" komandası avrokubokda debüt edib.
Sportnet.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc medalçısı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniya "Universitatya"sını qəbul edib. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 13-cü dəqiqədə Krayova təmsilçisinin futbolçusu Aleksandru Mateyu açıb. Bundan 20 dəqiqə sonra Ağabala Ramazanov Azərbaycan futbolundakı ənənəvi künc zərbəsini qolla tamamlayıb - 1:1.
Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar. Müvafiq olaraq Nikuşor Banku və Mixay Roman fərqlənib. Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib. Bu, oyunda vurulan son qol olub.
Qeyd edək ki, cavab matçı iyulun 18-də Krayovada olacaq.
------------
Bu gün Azərbaycanın iki komandası UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, I təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" və "Səbail" komandaları iki qonşu ölkə - Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək. Flaqmanı qəbul edəcək "Sperantsa" və "Universitatya"nın Bakıda qonaq olacağı "Səbail" avrokubokların debütantlarıdır.
"Neftçi" Kişinyovdakı "Zimbru" stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə üzündən oynamayacaq. "Ağ-qaralar" bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantı - Rusiyanın "Arsenal" (Tula) komandasına rəqib olacaq. "Səbail" isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq.
Hər iki kollektivin cavab oyunu bir həftə sonra olacaq.
Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyunlar
20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya) - 2:3
Qollar: Ağabala Ramazanov, 33; 82 - Aleksandru Mateyu, 13. Nikuşor Banku, 51. Mixay Roman, 67
Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Dankan Sultana, Teodore Zammit
Dördüncü hakim: Mario Apap
(Hakimlər briqadası Maltadandır)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı, "ASCO Arena"
21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) - 0:3
Qollar: Emin Mahmudov, 16 (p). Stiven Monroz, 35. Rəhman Hacıyev, 76
Baş hakim: Tim Marşal
Baş hakimin köməkçiləri: Pol Robinson, Odri Neteri
Dördüncü hakim: Tomas Entoni Klark (Hakimlər briqadası Şimali İrlandiyadandır)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)
Kişinyov, "Zimbru" stadionu
Qeyd edək ki, "Səbail" - "Universitatya" matçı CBC International, "Sperantsa" - "Neftçi" görüşü isə CBC Sport telekanalları ilə canlı yayımlanacaq.