Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” komandası növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ötən mövsüm Avropa Liqasında “Qarabağ”l eyni qrupda yer alan Ukraynanın “Vorskla” kollektivi ilə qarşılaşıb.
“Koru” otelinin meydançasında baş tutan görüşdə hesabı 41-ci dəqiqədə Ülvi İsgəndərov açıb. Lakin rəqib 44-cü, 57-ci və 81-ci dəqiqələrdə fərqlənməklə qələbə qazanıb – 3:1. İsgəndərov 57-ci dəqiqədə penaltidən yararlana bilməyib.
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərov.
Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Murad Musayev, Rasim Ramaldanov, Tərlan Əhmədli, İdris İnqilablı, Klesio Bauk və Kristian Kouakou meydana daxil olub. Onlar Yusif Nəbiyev, Sadiq Quliyev, Anar Nəzirov, Rövlan Muradov, Kamal Mirzəyev və Merab Qiqaurini əvəzləyiblər.
Qeyd edək ki, “Qəbələ” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Ukraynanın digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib.
---------
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxacaq.
Komanda bu dəfə Ukraynanın digər təmsilçisi “Vorskla” ilə görüşəcək. İyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv gücünü Poltava klubu ilə matçda da sınayacaq. “Koru” otelinin meydançasındakı görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Əsası 1955-ci ildə qoyulan komanda 64 illik tarixində müxtəlif adlar altında çıxış edib. “Kolxoznik”, “Kolos”, “Selstroy”, “Stroitel”, “Vorskla-Nefteqaz” adlarını daşıyan komandanın uğurları Ukraynanın müstəqillik illərinə təsadüf edib. SSRİ-nin aşağı liqalarında oynayan Poltava təmsilçisi müstəqillik illərində Premyer Liqa həyəcanı da yaşayıb, nailiyyətlər də əldə edib. 2009-cu ildə Ukrayna kubokunu başı üzərinə qaldıran, həmin il Superkubokda qüvvəsini sınayan “Vorskla” iki dəfə - 1996/97 və 2017/18 mövsümlərində çempionatın bürünc mükafatçısı olub. Dəfələrlə avrokuboklarda oynamış komanda iki dəfə Avropa Liqasının qrupuna düşüb. Ötən mövsümdə Premyer Liqada 7-ci olan poltavalılar qitə səhnəsindən kənar qalıblar.
Yoxlama oyunu
11 iyul
12:00. Qəbələ - Vorskla - 1:3
Bolu. “Koru” otelinin meydançası.