"Hələlik "Pünik"i "Neftçi" ilə müqayisə etməzdim. Bakılılar həm büdcə, həm təşkilati, həm də komplektləşmə baxımından daha böyük çaplıdırlar. Onların italiyalı baş məşqçisi Roberto Bordin isə olduqca zəngin təcrübəyə malikdir. O, "Şerif"i Avropa Liqasının qrup mərhələsinə çıxarıb".
Sportnet.az-ın məlumatına görə, bunu hazırda Rusiya "Ximki"sinə rəhbərlik edən Andrey Talalayev deyib. "Pünik"lə ötən mövsüm Ermənistan futbolu tarixində ilk dəfə Avropa Liqasında iki mərhələ keçən rusiyalı mütəxəssis "Neftçi"nin Tula "Arsenal"ını üstələməsinin səbəbini də açıqlayıb: "Neftçi" "Arsenal"la nəinki müqayisəyə gəlməzdir, hətta bu gün daha kəskin komandadır. Rusiyada müəyyən oyun səviyyəsi ilə sabit liderlərdən əlavə, yalnız bu mövqelərə iddia edən klublar da var. Sonunculara davamlılıq üçün ehtiyat qüvvə çatmır. Bunu Rusiya Kuboku matçlarından da görmək olar. Rəqib güclü motivasiya olunduqda Premyer Liqa komandaları I Divizion təmsilçiləri ilə görüşlərdə böyük çətinliklər hiss edirlər. Ustalıq sarıdan aşkar üstünlük yoxdur ki, gözlənilməz məğlubiyyətlər də bundan irəli gəlir".
"Neftçi" "Pünik"i 2005-ci ildə Birlik Kubokunda 2:0, 2006-cı ildə isə texniki qələbə sayəsində üstələyib.
Qeyd edək ki, "Neftçi" "Arsenal"ı səfərdə 1:0, evdə 3:0 hesabı ilə yenərək, Avropa Liqasının III təsnifat mərhələsinə adlayıb. "Pley-off"a yüksəlmək üçün isə flaqman evdə 2:2 hesablı heç-heçə etdiyi "Bney Yehuda"ya avqustun 15-də İsraildə ya qalib gəlməli, ya da ən azı 3:3-dən başlayaraq, heç-heçəyə nail olmalıdır.