"Qarabağ"ın futbolçusu Aylton Silva səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra brifinq keçirib. Braziliyalı müdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Belə asan qələbə gözləyirdiniz?
- Bilirdik ki, rəqib yaxşı formadadır, uğurlu dönəmi idi. Meydana çıxaraq istədiyimizi reallaşdırmağa çalışdıq. Qollar da gəldi.
- Hazırda milli komandaların oyunlarına görə ikihəftəlik fasilə yaranır. "Qarabağ" da yaxşı formadadır, oyununu tapıb, qələbələri sıralayır. Belə olan halda, fasilə komandanıza mənfi təsir göstərməyəcək?
- Yox. Əksinə, daha müsbət təsir edəcək. Fasilə yaranacaq, daha çox işləyəcəyik. Çalışmağa kifayət qədər vaxt olacaq, çünki 2-3 gündən bir oyunlarımız olurdu. Bu üzdən çox işləməyə vaxt olmur.
- Avropa Liqasının qrup mərhələsinin püşkünü necə dəyərləndirərdiniz: "Qarabağ" qrupdan çıxmalıdırmı?
- Birincisi, yaxşı komandamız var. İlk növbədə, bu, qeyd olunmalıdır. Püşkü də hardasa uğurlu saymaq olar. Sadəcə, hər şey istədiyimiz kimi olsa, ümid edirəm ki, qrupdan çıxa bilərik.
- Premyer Liqada çempionluğa əsas rəqib kimi yəqin ki, "Neftçi"ni görürsünüz...
- Hər hansı rəqib haqda danışmaq istəməzdim. Yaxşı olar ki, öz komandamız barədə danışaq. Oyundan-oyuna udub hədəflərimizə doğru gedəcəyik.