Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uelslə üz-üzə gəlib. Kardiff şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 26-cı dəqiqədə Pavel Paşayev açıb. O, Uels yığmasının kapitanı Qaret Beylin qapı qarşısına ötürməsindən sonra topu öz qapısına göndərib. İlk yarını meydan sahibləri öndə tamamlayıblar.
İkinci hissədə Azərbaycan millisi bərabərlik qolunu vurub. 59-cu dəqiqədə Ramil Şeydayevin ötürməsindən sonra Mahir Emreli təkbətəkdən fərqlənməyi bacarıb.
Lakin qrupda ilk xalı qazanmaq mümkün olmayıb. 84-cü dəqiqədə qapı qarşısındakı qarışıqlıqdan Beyl yararlanmağı bacarıb.
Bununla da Azərbaycan yığması E qrupundakı dördüncü görüşündə də məğlub olub. Əvvəlki matçlarında səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzub. Rəqib isə qrupda ikinci qələbəsini qazanıb. Uels ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib. Azərbaycanı da yenməklə, britaniyalılar xallarını 6-ya çatdırıblar və 3-cü yerə yüksəliblər. Hələ xal toplamayan Azərbaycan isə sonuncudur.
Səfər qarşılaşmasında Rahil Məmmədov, məşqdə zədələndiyi üçün oynamayıb. Uels yığmasına gəldikdə, İtaliya "Yuventus"unun yeni transferi Aaron Remsi əvvəlcədən dəvət alsa da sonra heyətdən kənarda qalıb. Buna səbəb kimi yarımmüdafiəçinin oyun praktikası sarıdan əziyyət çəkməsi və matça hazır olmaması göstərilib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.
AVRO-2020
Seçmə mərhələ, V tur
6 sentyabr
22:45. Uels - Azərbaycan - 2:1
Qollar: Pavel Paşayev, 26 (öz qapısına). Qaret Beyl, 84 - Mahir Emreli, 59
Baş hakim: Farrucia Kann Trustin
Baş hakimin köməkçiləri: Alan Kamilleri, Luke Portelli
Dördüncü hakim: Alan Mario Sant (Hakimlər briqadası Maltadandır)