"Çətin oyun alındı. Daha çox müdafiəyə oturan komandaya qarşı çıxış etdik. Topa daha çox nəzarət edirdik. Səbirli olmağı bacardıq və zamanı gəldikdə fürsətlərdən yararlandıq. Nəticədə inamlı qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ailton Silva evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra deyib. Braziliyalı müdafiəçi bildirib ki, görüş öncəsi rəqibdən ehtiyatlanmayıblar: "Bizim kimi rəqibin də hazırlıq keçdiyini nəzərə alırdıq. Lider kimi qarşımızda bütün oyunlara qələbə əzmi ilə çıxmaq məqsədi dururdu. Bu dəfə də istisna olmadı və hədəfimizə çatdıq. Digər komandalar barədə danışmağı xoşlamıram. Məşqçi edirik ki, xallar qazanaq. Sonda nə olacağını yaşayıb görərik".
23 yaşlı oyunçu Avropa Liqasının ilk turunda İspaniya "Sevilya"sı ilə qarşılaşmadan sonra Qurban Qurbanovun iradı ilə üzləşdiyinə dair iddiaları şərh etmək istəməyib: "Bu barədə bir söz deyə bilmərəm. Meydana çıxdığım oyunlara komandama kömək etməyə çalışıram".
"Sambaçı" Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etmiş "Düdelanj"ı Lüksemburqda məğlub etməyə çalışacaqlarını da diqqətə çatdırıb: "Təbii ki, rəqibi analiz edəcək, çatışmayan cəhətlərini görəcəyik. Səfər oyunu olsa da, hədəfimiz 3 xal olacaq".