“Rəqib müəyyən təcrübəyə malik komandadır. Onları analiz edib, təhlillər aparmışıq. Bizim qədər hazırlıqlı, mərhələ keçmək üçün istəklidir. Bu rəqibi adlamaq çətin olsa da, mümkünsüz deyil. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Famil Xəlilov bu gün Kiprdə APOEL-ə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində səfər oyunu barədə danışarkən deyib.
Xəlilov komandanın hazırlıq durumunu da dəyərləndirib: “Kiprdəki -pley-off ilk matçına istədiyimiz heyəti gətirə bilmişik. Komandada zədəli futbolçu yoxdur. UEFA Gənclər Liqasına taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışıq. Belə oyunlarda psixoloji hazırlıq ən vacib məqamlardandır. İnanıram ki, komanda bu baxımdan da tam hazırdır. Çünki oyunçular harada olduqlarını, nə istədiklərini yaxşı bilirlər. Futbolçular mərhələ keçmək üçün oyuna yaxşı kökləniblər”.