
"Avqustda etdiyimiz təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var".
Sportnet.az-ın məlumatına görə, bunu Kiprin APOEL komandasının futbolçusu Roman Bezyak UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqda danışarkən deyib.
Sloveniyalı hücumçu matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionundakı mətbuat konfransında bildirib ki, "Qarabağ"ın hansısa cəhətindən çəkinməli olduqlarını düşünmür: "Bu rəqibi bu il Bakıda üstələmişik. Bu dəfə öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsindəki digər görüşlərin önəmi yoxdur. "Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Azarkeş amili çıxışımıza təsir göstərməyəcək. Qisas haqda düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir".
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.