"Hər iki komanda güclü idi. Çox gərgin oyun oldu. Rəqib ən son oynadığımız matça nisbətən yaxşı oyun sərgilədi".
Sportnet.az-ın məlumatına görə, bunu Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la Bakıda 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis nəticədən razılıq ifadə edib: "Komandamın ruhuna görə çox sevindim. Hər iki tərəf əlindən gələni etdi. İkinci yarıda "Qarabağ" topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olsaq da, birinci hissəni 2:1 öndə tamamladıq. Bunu rəqibə belə bir dəstəyin olduğu stadionda etdik. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xala görə razıyam".
Doll A qrupundakı şanslarından da söz açıb: "Bilirik ki, bir xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə "Qarabağ"ı məğlub etdikdən sonra böyük şansımız olacaq. Xallarımızı bərabərləşdirə bilərik. Niyə də qalib gəlməyək? Biz bu gün güclü komandaya qarşı oynadıq. "Qarabağ"la səfərdə oynayan komandalar hər zaman problem yaşayırlar. Növbəti matçlarda hər şey baş verə bilər. Özümüzə inanırıq. Hazırda irəliyə doğru kiçik addım atdıq. Addım-addım hədəfimizə doğru gedirik".
Almaniyalı baş məşqçi istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O deyib ki, mətbuatın yazdığı fikirlərlə maraqlanmır: "Komandanın oyunundan çox da razı qalmadım. Kollektivin ruhundan razı oldum. Çoxlu problemlərimiz var. Futbolçular topu özlərində saxlamağı öyrənməlidirlər. Bu gün sistemi dəyişmişdik. Daha yaxşı oyun sərgilə bilərdik. Əsas məsələ odur ki, komanda ruhu var idi. Qrupa pis başlamışıq, amma mübarizə aparırıq".
Doll bu gün daha çox müdafiədən oynamalarına da aydınlıq gətirib: "Bizim komandamızın orta xəttində yaradıcılıq çatışmır. Əsas odur ki, kollektiv qələbəyə inanırdı. Yarımmüdafiəçilər öz üzərlərində çalışırlar. Əslində bizim də yaradıcı oyunçularımız var. 5-3-2 sxemi ilə çıxış etdik. Evdəki matçda fərqli çıxış etməyi planlaşdırırıq".
Qeyd edək ki, IV turda APOEL və "Qarabağ" arasındakı görüş noyabrın 7-də Nikosiyada keçiriləcək.