
"Maraqlı oyun alındı. Birinci dövrədə böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki kollektiv qələbə qazana bilərdi. İlk yarıda qol epizodlarımız oldu".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IX turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Bir xal bizim üçün yaxşı olardı. Çalışdıq, əziyyət çəkdik. Lakin son ötürmələrdə dəqiqlik yoxdur. Bu isə bizi narahat edir. "Qarabağ" kimi rəqibə qarşı belə mübarizə aparmaq müsbət haldır. İkinci dövrədə xal qazana bilmirik, bu da bizi razı sala bilməz. Bu matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq. "Qarabağ"ı tək biz yox, digər komandalar da məğlub edə bilmir. Bu, rəqibin səviyyəsindən xəbər verir".
Baş məşqçi Mirabdulla Abbasov barədə də danışıb: "Onu taktiki gedişə görə start heyətdə meydana buraxmadıq. "Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Essyen üçün də çətin idi".