
Robert Prosineçki iki ildən sonra Azərbaycan milli komandasının baş məşqçi postuna qaytarılacaq.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl AFFA-nın səlahiyyətli şəxslərindən biri ilə xorvatiyalı mütəxəssis arasında görüş keçirilib. Danışıqlardan sonra tərəflər böyük ölçüdə razlığa gəliblər. Hər hansı ciddi problem ortaya çıxmasa, Prosineçki yaxın günlərdə yenidən millinin sükanı arxasına gətiriləcək.
Müqaviləsi başa çatan Nikola Yurçeviç isə yığmadan göndəriləcək. Onun köməkçi-məşqçi kimi saxlanılması belə müzakirə mövzusu deyil.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə çalışıb. Onun rəhbərliyi altında Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində rekord miqdarda - 10 xal toplayıb. 2017-ci ilin sonlarında isə Prosineçkinin başa çatan müqaviləsinin uzadılmaması qərara alınıb. 2018-ci ilin Bosniya və Herseqovina yığmasına rəhbərlik etmiş xorvatiyalı mütəxəssis bu gün qarşılıqlı razılıq əsasında istefaya göndərilib.