“Zirə” klubu dekabrın 4-də I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la keçirəcəyi 1/8 final matçı ilə Azərbaycan Kubokunda 6-cı dəfə mübarizəyə start verəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Kubokunda 2014-cü ildə debüt edən komanda 5 mövsüm bu turnirdə qüvvəsini sınayıb. Bir dəfə yarımfinala (2018/2019), üç dəfə 1/4 finala (2015/2016, 2016/2017, 2017/2018) qədər irəliləyən “qartallar” 2014/2015 mövsümünü 1/16 finalda başa vurub.
İlk kubok matçını 2014-cü il oktyabrın 22-də “Qaradağ-Lökbatan”a qarşı keçirmiş “Zirə” 0:1 hesabı ilə uduzub. Beş ildən sonra eyni rəqiblə görüş yubiley - 15-ci kubok matçı olacaq. Əvvəlki 14 oyunda 7 qələbə qazanan “Zirə” 2 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapılarından 18 top keçirən futbolçularımız 20 qol buraxıblar.
Bu matçlardan 6-sı evdə, 8-i səfərdə baş tutub. 7-ci ev qarşılaşmasına çıxacaq komanda öz meydanında 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Bu görüşlərdə top fərqi 9-8-dir.
Zaur Həşimov “Zirə”nin baş məşqçisi kimi ilk kubok matçına çıxacaq. Əvvəlki 14 oyunda Adil Şükürov 6, Samir Abasov 4, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 dəsə “sükan arxası”nda olub.
Azərbaycan Kubokunda “Zirə”nin formasını 69 futbolçu geyinib. Kamal Bayramov hamıdan çox – 12 oyuna çıxıb. Vüqar Mustafayevlə Vüsal İsgəndərlinin hesabına 9 matç var.
“Qartallar”ın rəqib qapısından keçirdiyi 18 topa 13 oyunçu imza atıb. Nelson Bonilya hamıdan çox – 3, Vüsal İsgəndərli, Nurlan Novruzov, Adil Nağıyev və Pərdis Fərcad-Azad hərəyə 2 dəfə fərqlənib.