"Keşlə"ni kubokda növbəti mərhələyə adlaması münasibətilə təbrik edir və çempionatda uğurlar arzulayıram. Bilirdik ki, kubok matçı çətin olacaq. Çünki I Divizion komandaları ilə Premyer Liqa təmsilçiləri arasında böyük fərq var".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Keşlə"yə səfərdə 1:3 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra bildirib. 59 yaşlı mütəxəssis bu mövsümdən baş məşqçisi olduğu Gəncə təmsilçisinin Premyer Liqada 2-ci pillədə gedən komandaya qarşı mübarizəsindən razı qalıb: "Futbolçular çalışdılar ki, maksimum əllərindən gələni etsinlər. Nəticədən yox, oyundan, futboçuların qarşılaşmaya özlərini necə kökləmələrindən, motivasiya olunmarından razı qaldım".
"Kəpəz" cari çempionata yaxşı başlayaraq startda 4 matçda qələbəyə həsrət qalmışdı. Ancaq sonradan komanda özünə gəldi. Vahabzadə qarşılarına qoyulan məqsəddən danışıb: "Çempionata heç-heçələrlə start götürdük. Bilirsiniz, mövsümə hazırlığa gec başlamışdıq, komandada seleksiya işləri aparılmamışdı. Buna görə də müəyyən vaxt lazım idi. Bir müddət keçdikcə komanda formalaşdı, qələbələr gəldi. Düzdür, məğlubiyyətlərimiz də var. Hələ ki qarşımıza böyük məqsəd qoyulmayıb ki, çempion olaq və ya hər hansı yer tutaq. Sadəcə, çalışırıq ki, futbol ənənələrinə malik bölgəmiz olan Gəncədə futbolu inkişaf etdirək, xüsusən yerli futbolçulara şans verək".
Vahabzadə "Kəpəz" azarkeşlərinin növbəti mövsüm Premyer Liqa həyəcanı yaşamaq istəklərinə də münasibət bildirib: "Mən bu suala cavab verə bilmərəm. Hər halda, "Kəpəz"in yenidən Premyer Liqada çıxış etməsi yaxşı olardı. Çünki böyük futbol Gəncə kimi şəhərə qayıtmalıdır".