
UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında 2022-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə turnirinin keçirilmə formatını təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, Qətərdə təşkil olunacaq mundiala "köhnə qitə"dən 13 ölkə vəsiqə qazanacaq. Onlardan 10-u qrup qalibləri, 3-ü isə "pley-off" mərhələsinin ən yaxşıları olacaq. Pley-offda qruplarda 2-ci yeri tutacaq 10 komanda, habelə, 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının 2 ən yaxşı qrup qalibi çıxış edəcək. Onlar birbaşa vəsiqə qazana bilməmiş komandalardan ibarət olacaq. Beləliklə, bu yığmalar arasında 3 pley-off təşkil ediləcək. Yarımfinallarda komandalar hərəyə bir oyun keçirəcəklər.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.