"Mənim dediyiniz fiasko, baş məşqçi postuna kimin gəlib-gəlməməsi barədə fikir bildirməyim düzgün olmaz. Çünki özüm bir yerli mütəxəssis kimi bu komandada çalışmış, bir azərbaycanlı kimi oynamışam və bu gün də AFFA İcraiyyə Komitəsinin üzvüyəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisi ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, AFFA İcraiyyə Komitəsində yığmanın baş məşqçisi ilə bağlı müzakirələr gizli keçir: "Xüsusən, özüm millidə baş məşqçi olduğum üçün hər hansı fikir bildirməyim düzgün olmaz".
Hamınız millidən də, "Qarabağ"dan da çox şey gözləyirsiniz. Bunların hamısı futbol prinsipləridir" deyən Qurbanov hamının Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb: "Ümumiyyətlə, özümü futbolda ayırmağı heç vaxt istəməmişəm. Hamımız azərbaycanlıyıq, hamımız futbolumuzun inkişafı naminə çalışırıq. Mən tərəflər dedikdə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Özümü ayırmaq istəməzdim. Hamımız üçün bir mövzu var: Futbolumuzun inkişafına mümkün qədər tez nail olmaq".
47 yaşlı mütəxəssis millidən ayrılmasını normal qarşıladığını da diqqətə çatdırıb: "Əvvəlcədən 6 illik proqramımız olmuşdu. Müqavilə isə 3 il müddətinə nəzərdə tutulmuşdu. Sadəcə, sonra ayrılmağımızı məsləhət bildilər. Bu haqda çox danışmaq istəmirəm. AFFA İcraiyyə Komitəsinin iclasında özümlə bağlı müzakirələrə qatılmadım. Bu, bütün baş məşqçilər üçün belədir. Məsələn, ötən gün Nikola Yurçeviç yığmadakı taleyinin müzakirə olunduğu iclasda iştirak etmədi. O, sonradan gələrək, fikirlərini bildirdi. Müzakirələrdən sonra mənimlə yollarını ayırdıqlarını bildirdikdə, bunu normal qarşıladım. Özüm həm klubda, həm də millidə çalışmağa razılaşmışdım. Amma İcraiyyə Komitəsi yollarımızın ayrılmasını qərara aldı. Mən də hər birinə təşəkkür etdim, görüşüb sağollaşdım. Çıxdım, gəldim və yollar ayrıldı. Çünki bu, bizim iş prinsiplərimizdən biridir. Mən yenə o insanlarla üz-üzə oturur, futbolumuzu müzakirə edirik".
Qeyd edək ki, Qurban Qurbanov Azərbaycan millisində 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək çalışıb.