
"Qəbələ" komandası bu gün Azərbaycan Kubokunda 15-ci mövsümünə start verəcək.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" yenə mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. Yenə də ilk rəqib “Sabah” olacaq. Paytaxt təmsilçisini öncə evdə qəbul edəcək əyalət komandası 4 gün sonra cavab görüşünə çıxacaq.
Əvvəlki 14 cəhddə “Qəbələ” 64 oyun keçirib. “Qırmızı-qaralar” 34 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Top fərqində ikiqat üstünlük mövcuddur. Turnirdə 106 qol vuran komanda 53-nü buraxıb.
Azərbaycan Kubokunda 2005/2006 mövsümündə debüt edən "Qəbələ" 1 dəfə yarışın qalibi (2018/2019) adına yiyələnib, 3 dəfə finalda (2013/2014, 2016/2017, 2017/2018), 3 dəfə də yarımfinalda (2007/2008, 2008/2009, 2015/2016) uduzub. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “qırmızı-qaralar” 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində 1/8 final səddini adlamayıb.
Kubokdakı 64 qarşılaşmada “Qəbələ”nin heyətində 190 futbolçu meydana çıxıb. Onlar arasında rekordçu Ürfan Abbasovdur – 28 oyun. Vojislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı 17 kubok matçında şans qazanıb. Hazırda heyətdə olan Asif Məmmədovun hesabında 15 oyun var.
Ölkə kubokunda vurulan 106 qola 55 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimov 7, Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 dəfə rəqib qapısına yol tapıb.
“Qəbələ” bir il əvvəl də kubokun 1/4 finalında “Sabah”la görüşüb. Həmin vaxt hər iki oyunda eyni hesab qeydə alınıb. "Qırmızı-qaralar" həm evdə, həm səfərdə 1:0 hesabı ilə qalib gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşmada Filip İvanoviçin avtoqolu həlledici olubsa, Bakıdakı cavab görüşündə Ceyms Ademiyi qələbə topuna imza atıb.
Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 15:00-da başlayacaq.