“Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1\4 final mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.
Əhməsov kubok oyunlarının həmişə həyəcanlı olduğunu sözlərinə əlavə edib: "Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdı. 12-13 nəfərdən ibarət heyətdi. Əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq".
- İki cəbhədə mübarizə aparmaq çətin deyil?
- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdı. Çempionat oyunu mənim üçün daha önəmlidi.
- Daha bir itkiniz oldu...
- Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda isə vəziyyət normaldır.
- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?
- Bu barədə məlumatım yoxdu. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdu. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.