Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan “"Keşlə"nin futbolçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, təcrübəli oyunçu öncə oyunu şərh edib:
- Oyun ağır keçdi. “Qarabağ” neçə illərdir ölkə çempionu olur. Şablon səslənməsin, amma həqiqətən də heyəti oturmuş komandadır. Süni otdan təbiiyə keçəndə bizə həddindən artıq ağır olur və bunu hiss edirik. İkinci dəfədir burada oynayırıq. Məşqlərin hamısını sünidə edirik, tam fərqlidir. Bir ara Bakı Olimpiya Stadionunda, “Dalğa Arena”da məşq edirdik, rahat idi. 3 həftədir süniyə keçmişik, həddindən artıq ağır gəlir. Buna məcburuq, çünki meydanımız belədir. Buna məcburuq, çünki meydanımız belədir. 0:1 hesabı ilə uduzduq və çalışacağıq ki, evdə yaxşı oynayaq. Çətin olsa da, mərhələni keçmək istəyirik.
- Qalib gəlmək üçün nə etməyi düşünürsünüz?
- Bunun üçün qol vurmaq lazımdır. Heç-heçə bizə sərf etmir, qollu və qolsuz olmasının da önəmi yoxdur. Rəqibi məğlub etməliyik və bunu hamımız anlayır, dərk edirik. Başa düşürük ki, “Qarabağ” da yorğundur, psixoloji cəhətdən pisdirlər. Çalışacağıq ki, öhdəsindən gələk.
- “Keşlə”də futbolçu qıtlığı var. Cavab matçında necə edəcəksiniz?
- Ehtiyat oyunçular skamyamız kasaddır. Bunu rəhbərlik də bilir. Yəqin ki, heyət güclənər. Buraya qədər gücümüz çatıb.
- “Qarabağ”la çempionatdakı son matçınızda heç-heçə etmişdiniz. Bu amil sizi cavab oyununa motivasiya edə bilər?
- Azərbaycan çempionatında hər rəqibə qarşı oynamaq olar. Açıq danışaq, “Qarabağ” bütün rəqibləri üstələyir. Motivasiya yaxşı olandan sonra mübarizə aparmaq olur.
- Potensial rəqiblərinizin matçında “Sumqayıt” “Neftçi”ni məğlub etdi...
- Hazırda formada olan ən yaxşı dörd komanda bu səbətdə yer alıb. Bu necə püşkdür, anlamıram. Həqiqətən də baş açmaq olmur. Məsələn, çempionatında 1-2-ci yerlərdə gedən “Real Madrid” və “Barselona” kimi komandalar püşk zamanı ayrı-ayrı səbətlərdə yer alırlar. Yəqin ki, bizdə 8 komandanın hamısını bir yerdə qarışdırıblar və 4-ü bir yerə düşüb. Azarkeşlər kubokda “Fənərbaxça” və “Qalatasaray”ı, daha sonra “Real Madrid”la “Barselona”nı finalda görməyi arzulayır. Yəqin ki, bizdə də “Neftçi” və “Qarabağ”ı arzulayırlar. Onlar bu mərhələni keçsə belə, finalda deyil, yarımfinalda qarşılaşacaqlar. Məncə, reytinqə görə atmaq lazım idi.
- Çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Bu barədə danışırıq və şablon fikirlər olur. 8 komanda var və futbolçulara da çətinlik yaradır. Bir komanda ilə 4 dəfə qarşılaşırsan və kubokda üz-üzə gəlsən, 6 olur. Bir yeməyi adam evdə ardıcıl 2 gün yeyəndə iyrənir. Adama bezdirici gəlir. 1999/2000 mövsümündən Premyer Liqada oynayıram. 16 və 18 komandalı yarışlar olub. İndi 8 komandadır və 28 tura yarış bitir. Heç bir yerdə belə hal yoxdur. Ən azından turlar 30-u keçməlidir. Çempionatın səviyyəsi milliyə və klubların Avropadakı yarışlarına da təsir edir.
- Hakimlə nə üçün mübahisə edirdiniz?
- Rəqibi vurmuşdum və hakimə dedim ki, mənə sarı vərəqə verə bilərsiniz. Adi epizod idi.