UEFA Çempionlar Liqasında çıxış edən klubların yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1955-2019-ci illərdə əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya İspaniyanın "Real Madrid" komandası başçılıq edir. 50 dəfə yarışda qüvvəsini sınayan, 13 titulu olan paytaxt təmsilçisi indiyə qədər keçirdiyi 437 oyundan 262-də qalib gəldiyi halda, 76 dəfə heç-heçə edib və 99 oyundan məğlub ayrılıb.
Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə liderin 600 xalı var.
Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" "100-lüy"ə düşüb. Ağdam komandası 41 xalla 84-cü sıradadır. "Neftçi" 15 xalla 168-ci yerdədir. "Bakı" 6 xalla 268-ci, "Keşlə" 5 xalla 293-cü, "Şəmkir" və "Kəpəz" 2 xalla 396-397-ci, "Xəzər Lənkəran" isə 1 xalla 424-cü pillədədir.
Qeyd edək ki, "Qarabağ" cari avrokubok mövsümünə ÇL-də başlasa da, III təsnifat mərhələsində mübarizəni dayandırıb və daha sonra Avropa Liqasında qrupa düşüb. (Report.az)