“Avropada Türkiyə türkləri olaraq sayımız, demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq, belə klublarımızın sayı minə çatır”.
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Almaniyada fəaliyyət göstərən "AZE Nakhchivan SK" (Köln) klubunun prezidenti Aydin Karaca deyib.
O bildirib ki, apardıqları araşdırmalara görə, Avropada Azərbaycan adına peşəkar anlamda fəaliyyət götərən klub yoxdur: "Biz "AZE Nakhchivan SK" klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyanın paytaxtı Vyanada "Qarabağ" klubu var idi. Aldığımız son məlumatlara görə o klub da satılıb. Bu hal, əlbəttə, təəssüfedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adına futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər. Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Biz də qərar verdik ki, Azərbaycanla bağlı olan futbol klubu təsis edək. Bununla bağlı bir araşdırma etdik. Sevindirici haldır ki, "Qarabağ" Futbol Klubu artıq Avropada tanınır, Bakının "Neftçi" kimi güclü və digər klubları var. Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması, Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin, həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək”.
A.Karaca futbolda səbrin çox önəmli olduğunu vurğulayıb: “Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə, mütləq səbr edəcəksəniz. İlk növbədə, uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi aşağı yaş qruplarının əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə qərarlıyıq. Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu, Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir”.
Klub prezidenti Avropanın uşaq futbolunda çox böyük yol qət etdiyini də sözlərinə əlavə edib: “Bu anlamda Avropanın təcrübəsindən yararlanmamaq mümkünsüzdür. Hollandiyanın, xüsusilə “Ayaks”ın təcrübəsindən yararlanmağı qərara almışıq. Avropanın digər komandaları ilə əməkdaşlıq edərək onların da təcrübələrindən yararlannmağı planlaşdırırıq. Bütün qurumlara qapımızın açıq olduğunu bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlığa maraqlıyıq və bu məqsədlə AFFA rəhbərliyinə də müraciət etmişik. Ümid edirik ki, AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə yaxından əməkdaşlıq edəcək. Eyni zamanda media vasitənizlə Azərbaycan futbol klublarına da müraciət edərək onlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim”.
"AZE Nakhchivan SK"nın rəhbəri klubun açılışının fevralın 15-də Almaniyanın Köln şəhərində keçiriləcəyini də deyib: “Açılışa bir çox yerli alman futbol mütəxxəsisləri, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub. Klubumuzun strategiyası, məqsəd və vəzifələrini qonaqlarımıza və mediaya açıqlayacağıq. Komandamızın açılışında iştirak etməyi arzu edənlər "facebook"da fəaliyyət göstərən səhifəmiz vasitəsi ilə bizi tapa və buradan müraciət edə bilərlər”.