Bu gün Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) açıqladığı siyahıda Azərbaycan Premyer Liqasının dünyada 12-ci, Avropada isə 3-cü ən intizamsız çempionat olduğu üzə çıxdı. Belə məlum oldu ki, Azərbaycanda hər oyuna 6 vərəqə, hər 3 matça isə 1 "qırmızı" göstərilir. Nəyin hesabına? Doğrudanmı 8 komandalı, hər oyununa 5-10 azarkeşin gəldiyi çempionatımız bu qədər gərgin keçir? Ki, hakimlərimiz də çıxış yolunu vərəqələr paylamaqda görürlər?
İşə baxın ki, təkcə "Fənərbağça" - "Qalatasaray" derbisində 13 sarı, 2 qırmızı vərəqə göstərildiyi halda, Türkiyə Super Liqası intizamsızlıq sarıdan bizdən geri qalır.
"Bəsit sarı vərəqələr aldıq. Daha doğrusu, verdilər. Bu dərəcədə sadə vərəqə vermək olmaz". "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında belə dedi. Bunu ən intizamlı komandamıza rəhbərlik edən mütəxəssis dilə gətirdi. Bu klub hər oyuna cəmi 2 vərəqə ilə kifayətlənir. Amma baş məşqçisi yenə bəsit sarı vərəqələr almalarından şikayətlənir.
Göründüyü kimi, oxlar hakimlərə yönəlir. O hakimlərə ki, artıq ikinci mövsümdür avstriyalı Frits Ştuxlik rəhbərlik edir. Ştuxlikin məqsədyönlü "siyasət"i nəticəsində Azərbaycan Premyer Liqası özünü dünyada ən intizamsız çempionatlardan biri kimi tanıdıb.
CİES-in araşdırması "Sumqayıt" ən intizamsız klub kimi ortaya çıxarıb. "Gənclik şəhəri" təmsilçisinin hər tur təqribən 4 futbolçusu vərəqə, hər 5 turda isə 1 oyunçusu "qırmızı" alır. Bu mövsümün oyunlarını xatırladıqda Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin iki görüşündə dava-dalaş olduğu yada düşür. Biri III turda "Neftçi" ilə səfər (1:2), digəri isə XVI turun "Zirə" ilə ev (2:1) oyunlarında baş verib. Qalan qarşılaşmalardan hansındasa ciddi insidenti xatırlayırsınız?
Belə məlum olur ki, hakimlərimiz azacıq sərt oyuna imkan vermir, yüngül qayda pozuntusuna görə isə sarı vərəqələr paylayırlar. Bəlkə də belə halların meydanda ciddi insidentlərə səbəb olacağından ehtiyatlanırlar. Hakimlər Komitəsinin əvvəlki sədri Xaqani Məmmədov etiraf etmişdi ki, İngiltərə Premyer Liqasındakı kimi sərt oyuna şərait yarada bilməzlər. Əks halda, mərəkə qopacaqmış...
Əsl səbəb də yerli-yersiz sarı vərəqələrdən qaynaqlanır. Referilərin tez-tez əllərini ciblərinə salmaları isə Azərbaycan Premyer Liqasında 15 ildir tətbiq olunan 4 sarı vərəqəyə görə cərimə ilə əlaqədardır. Düzdür, cərimə məbləği son illər 1000 manatdan 800 manata endirilib, amma bu da az pul deyil. Sanki referilərimizin stimulu vərəqələr göstərmək, klubları hər tur ən azı 800 manat cərimələtməkdir. Kim bilir, bəlkə də bu məbləğdən faiz götürürlər.
Yol polislərinin sürücü cərimələrindən maaşlarına bonus qazandıqları kimi...
Seymur XƏZƏR