
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad ediblər.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, onlar bu gün Xətai rayonu ərazisində ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
U-19 hazırda Bakıda təlim-məşq toplanışındadır.
Bundan başqa klublarımız da faciə qurbanlarını yad edib. "Neftçi” klubunun kollektivi şəhidlərin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.
“Keşlə”nin rəhbər və işçi heyəti, həmçinin əsas komandanın üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər.
Eyni addımı "Səbail" rəhbərliyi və komanda üzvləri də atıb.
Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" ilə qarşılaşacaq "Zirə" Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Məşq başlamamışdan əvvəl Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Sumqayıt" Futbol Klubunun rəhbərliyi, əsas komandanın məşqçi və futbolçu heyəti Sumqayıt şəhərində yerləşən Xocalı abidəsini ziyarət edərək şəhidləri anıb. Eyni zamanda “Kapital Bank Arena”da məşqə çıxan komandaya baş məşqçi Ayxan Abbasov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıdə törədilmiş soyqırımı haqqında tarixi məlumat verib.
"Sabah" klubu isə Bakıda məskunlaşdığı halda, abidəni ziyarət etməyib, heç bir anım tədbiri belə keçirmədən başsağlığı mətni yaymaqla kifayətlənib.
Xatırladaq ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!