"Oyunun gərgin və maraqlı olacağını gözləyirdim. Hər iki komandanın ifasında sürətli futbolun şahidi olduq. Baxımlı qollar vuruldu. Qalib gələ də, uduza da bilərdik. Amma nəticə ədalətlidir. Komandamızın məğlub durumda olmasına baxmayaraq, bərabərliyə nail olması bizi sevindirir. Mübarizəni səbrlə davam etdiririk. Nəticəsini sonda görəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Con Kamaranın erkən zədələnməsinə baxmayaraq, digər futbolçuları etimadı doğruldur: "Kamaranın olmaması bizim üçün böyük itkidir. Orta xətdə bütün qara işləri görür. Düşünmürəm ki, zədəsi ciddidir. İnanıram ki, qarşıdakı turlarda bizə kömək edə biləcək".