Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks Rayzinq" komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu "Portlend Timbers"lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə "Finiks Rayzinq"in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdən sonra "Finiks Rayzinq"in baş məşqçisi Rik Şants mövsümöncəsi hazırlıq keçməməsinin Dadaşov üçün elə bir önəm kəsb etmədiyini bildirib. O, azərbaycanlı forvardın yenə qollar vuracağına inam ifadə edib.
Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib.