İsveçrə prokurorluğu FIFA-nın keçmiş prezidenti Yozef Blatterlə bağlı 2 məhkəmə işindən birini bağlamağı planlaşdırır.
Sportnet.az "Associated Press"ə istinadən xəbər verir ki, hüquq orqanı 2015-ci ildə açılan vəzifə səlahiyyətlərindən sui-istifadə iddiasına xitam vermək niyyətindədir.
İddiaya görə, Y.Blatter 2005-ci ilin 12 sentyabrında 2010 və 2014-cü il dünya çempionatlarının yayım hüquqlarını satmaq üçün Karib Futbol İttifaqı ilə FIFA-nın maraqlarına zidd müqavilə imzalayıb.
Qeyd edək ki, isveçrəli keçmiş futbol funkionerinin 2011-ci ildə FIFA-nın hesabından 2 milyon İsveçrə frankını qanunsuz olaraq, həmin vaxt UEFA-ya rəhbərlik etmiş Mişel Platininin hesabına köçürməkdə ittiham olunduğu digər iş hələ qüvvədədir.