Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqasında XXVI turun 2 oyununun yerini dəyişib. Bu barədə Lent.az-a qurumun prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, klubların qarşılıqlı razılığına əsasən, "Xəzər Lənkəran” – "Qarabağ” görüşü Tofiq Bəhramov adına Respublika stadionunda, AZAL – "İnter” qarşılaşması isə "Şəfa” stadionunda olacaq. Digər tərəfdən, mayın 17-də keçiriləcək qarşılaşmalar fərqli saatlarda başlanacaq. "Şəfa”dakı matçın start fiti saat 17:00-da çalınacaq. Mərkəzi arenada baş tutacaq qarşılaşma isə saat 19:00-a təyin olunub.
Musayev stadion dəyişikliyi haqda qərarı dünya praktikasına əsaslanaraq, verdiklərini deyib: "Nəzərə almalıyıq ki, bu oyunlar komandaların turnir cədvəlindəki vəziyyətləri baxımından heç bir əhəmiyyət kəsb etmir. Dünya praktikasında da belə hallara rast gəlmək olur. İstəyirik ki, "Qarabağ”a qızıl, "İnter”ə gümüş medalları eyni vaxtda təqdim edək. Bu məqsədlə oyunları elə təyin etmişik ki, "İnter” AZAL-la oyundan sonra Şüvəlandan yox, daha yaxında olan "Şəfa”dan Respublika stadionuna yetişə bilsin. Əgər biz "Simurq” – "Neftçi” və ya "Qəbələ” – "Sumqayıt” matçlarının yerini dəyişsəydik, bu, düzgün alınmazdı. Çünki bu oyunlarda bürünc medalların taleyi həll olunacaq. "Qarabağ”la "İnter” isə qızıl və gümüş medalları təmin edib. Bürünc medalçıları isə ayrıca mükafatlandıracağıq”.
Qeyd edək ki, "Qəbələ” və "Neftçi” mayın 22-də Azərbaycan Kubokunun finalında üz-üzə gələcək. Premyer Liqada bürünc mükafatçı bu iki komandadan biri olacaq.
Elşən MƏMMƏDOV