Gənclər və İdman naziri Azad Rəhimov futbol klublarının, idmançıların narahatlığını TƏBİB-in rəhbəri Ramin Bayramlıya çatdırıb.
Sportnet.az-ın məlumatına görə, nazir bunu Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin rəsmən müvəqqəti modul tipli xəstəxanaya çevrilməsinə həsr olunmuş tədbirdə bildirib. O deyib ki, avrokuboklarda hazırlaşan futbol klublarının, eləcə də insanların açıq havada idmanla məşğul olması üçün şərait yaradılması yaxşı olardı: “Açıq havada idman qurğularının fəaliyyəti avqustun 31-dək qapalıdır. Ancaq idmançıların bu fəaliyyətlə məşğul olması üçün qadağa qərarına yenidən baxılmasını, onların idmanla məşğul olmasına şəraitin yaradılmasının diqqətdə saxlanılmasını istərdik”.
Qeyd edək ki, mayın 29-da açıq havada idman yarışlarının keçirilməsinə icazə verilsə də, sonradan karantin sərtləşdirilib və bu icazə ləğv edilib.
Hazırda dörd futbol klubumuz – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” bu ay UEFA bayrağı altında avrokubok oyunlarına çıxmalıdır. Lakin püşk nəticəsində bu komandalar oyunlarını evdə keçirməli olsalar, Bakı və ya Sumqayıtda bunu edə bilməyəcəklər. Səbəb Bakı və Sumqayıtın sərt karantin rejimi tətbiq olunan şəhərlər olmasıdır (oxu.az).