Rusiyanın MOİK klubunun baş direktoru Roman Babayev UEFA Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportnet.az xəbər verir ki, Moskva təmsilçisinin rəsmisi "Sport24" nəşrinə müsahibəsində komandanın "Qarabağ"la eyni qrupa düşmə ehtimalından da söz açıb.
O bildirib ki, eyni qrupda yer alsaydılar, Azərbaycan tərəfi MOİK-in Bakıya səfəri üçün bütün lazımı şəraiti yaradacaqdı: "Əminəm ki, "Qarabağ"la bir qrupa düşsəydik, Azərbaycan bizim üçün ən mütəşəkkil və qonaqpərvər qəbulu təmin edərdi. 2004-cü ildə Bakıda "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyununa çıxmışıq. O vaxt hər şey yüksək səviyyədə təşkil olunmuşdu".
Qeyd edək ki, MOİK "Dinamo" (Zaqreb, Xorvatiya), "Feyenoord" (Niderland) və "Volfsberq" (Аvstriya) komandaları ilə birlikdə eyni qrupda yer alıb. "Qarabağ" isə I qrupunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə mübarizə aparacaq.
"Neftçi" MOİK-lə ev oyununda 0:0 hesablı heç-heçə etsə də, səfər matçında uduzub - 0:2.