Qana millisinin sabiq futbolçusu Məhəmməd Polo AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippertin yerli federasiyada eyni vəzifəyə təyinatını sərt tənqid edib.
Sportnet.az xəbər verir ki, əfsanəvi hücumçu "Spice FM" radiosuna müsahibəsində bunu biabırçılıq adlandırıb.
64 yaşlı veteran bildirib ki, almaniyalı mütəxəssis Qana futboluna bələd deyil: "Bizim fərqli oyun üslubumuz var. Yeni texniki direktor isə bunu bilmir. Başa düşmürəm, o, bizə nə qazandıra bilər? Əcnəbinin bu posta təyinatı biabırçılıq və yerli mütəxəssislərə hörmətsizlikdir".
Lippert məşqçi və məşqçi-müəllimlərin təlimatı sahəsində FIFA eksperti sayılır. 58 yaşlı mütəxəssis Azərbaycanda 2008-ci ildən çalışmağa başlayıb. O, U-17, U-19 və U-21 yığmalarının baş məşqçisi də olub.
Qeyd edək ki, Məhəmməd Polo 1973 - 1985-ci illərdə Qana millisinin formasını geyinib.