
"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı futbolçu bildirib ki, hazırda ölkədə və "Qarabağ" klubunda vəziyyət elə də yaxşı deyil: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.