Avropa Liqasının I qrupununun III turunda "Qarabağ"ı qəbul edəcək Türkiyə "Sivasspor"u avrokuboklarda 11-ci görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 10 qarşılaşmanın 2-də qələbə qazanan Sivas təmsilçisi 7 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə edib. "Sivasspor"un 10 qoluna 8 fərqli oyunçu imza atıb. Komanda ümumilikdə 25 top buraxıb.
Avrokuboklarda 2008/2009 mövsümündən çıxış edən "qırmızı-ağlar" ilk olaraq İntertoto Kubokunda mübarizə aparıb. Bölgə klubu ikinci turda Monteneqronun "Qrbal" komandasını iki oyunun nəticəsinə əsasən (2:2, 1:0) üstələyib. Üçüncü turda isə "Sivasspor" Portuqaliya "Braqa"sı ilə dueldən məğlub ayrılıb - 0:2, 0:3.
Türkiyə təmsilçisi 2009/2010 mövsümündə Çempionlar Liqasında iştirak edib. III təsnifat mərhələsinin ilk görüşündə Belçikada "Anderlext"ə 0:5 hesabı ilə uduzan komanda cavab görüşündə 3:1 hesabı ilə qalib gəlib. Həmin mövsüm Avropa Liqasının pley-off mərhələsində Ukrayna "Şaxtyor"una 0:2 və 0:3 hesabı ilə məğlub olan "Sivasspor" avrokuboklarla vidalaşmalı olub.
"Qırmızı-ağlar" qrupdakı ilk matçında İspaniyada "Vilyarreal"a 3:5, daha sonra İsrailin "Makkabi" (Təl-Əviv) komandasına evdə 1:2 hesabı ilə uduzub.
"Sivasspor"un heyətində Ağdam təmsilçisi ilə matçdan əvvəl Marselo Qoyano, Aaron Appindanqoe, Sergey Rıbalka, Ziya Erdal və Xorxe Feliks zədəlidir.
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.