“Torpaqlarımızı qaytardığımız üçün xalqımızı təbrik edirəm. Oyunun çətin olacağını bilirdik. “Neftçi” yaxşı futbolçulardan təşkilatlanmış komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Planlaşdırdıqlarımızın üzərində çalışmışdıq və bu meydanda da alınırdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, komandası meydanda hər şey göstərir, lakin qollar, soyuqqanlılıq çatışmır: "Qol vurmayanda rəqib cəzalandırır. İlk yarıda epizodlar yaradırıq, yararlana bilmirik, rəqib isə yarım epizodu dəyərləndirir. Sonra oyunun axarını dəyişmək çətin olur. Ağır məğlubiyyət alsaq da, istədiyimi futbolçulardan görürəm. Hücum futbolu oynayır, epizodlar yaradır, son nöqtəni qoymaqda çətinlik çəkirik".
Baxşıyev fərdi səhvlərdən də şikayətlənib: "Birinci dövrədə də “Neftçi” ilə görüş ağır keçmişdi. Heyətimizə baxanda oyunun nəticəsini dəyişə biləcək keyfiyyətli oyunçular var. Üzərimizə düşəni artıqlaması ilə edib bunu aradan qaldırmağa çalışacağıq. Komandama çox irad tuta bilmirəm. Bəzi epizodlardakı boşluqları rəqib dəyərləndirir. Fərdi səhvləri düzəltmək asandır, komanda oyununda dəyişiləsi heç nə yoxdur. Komanda şəklində uduzmuşuq, ayrı-ayrı futbolçuları fərqləndirməzdim. Qalib gələndə də, heç-heçə edəndə də bu kollektiv hesabında olur. İnanıram ki, uğur gətirə bilərik. Ümumi götürəndə bütün turlarda “Qəbələ” kiminlə oynasa da 5-6 epizod yaradır. Bu komandanı hücumda görürəm”.