"Bu gün udmaq və ya uduzmaq əsas məsələ deyildi. Oyundan öncə həm komandaya, həm də kollektiv daxilində futbolçulara fərdi qaydada tapşırıqlar verilmişdi. Başlıca məqsəd həmin tapşırıqların yorğun halda nə qədər yerinə yetirildiyini görmək idi. Məni razı və narazı salan məqamlar oldu. Əsas məsələ odur ki, yaxşı hərəkətlilik var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib. 43 yaşlı mütəxəssis təklifi qəbul edərək, Gəncədən Bakıya oyuna gəlməyə razılaşdığı üçün "Kəpəz"ə təşəkkürünü bildirib.
Abasov ilk yarıda və fasilədən sonra meydana buraxılmış ümumilikdə 5 gənc futbolçunun çıxışından razılıq ifadə edib: "Yanvarın 4-dən bir araya gəlmişik. İlk gündən onlar bizimlə birgədirlər. Uşaqlar həddindən artıq istəkli idilər. Buraxdıqları səhvlər anlaşılandır, çox istəkli olmalarından, özlərini göstərmək niyyətlərindən doğan həyəcandan irəli gəlir. Onlar təkcə oyunda deyil, məşqlərdə də bizi razı salırlar. Xoşumuza gəldilər".
Baş məşqçi artıq bütün kollektivin birgə çalışdığını vurğulayıb: "Legionerlərin gec qoşulacaqlarını bilirdik. Çünki onlara icazəni biz vermişdik. Yerlilərlə müqayisədə fərqli proqram vermişdik. Onların hər biri proqramla işləyiblər. Hazırda isə vahid komanda şəklində məşq edirik".