"Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq. Amma bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında Avstriyadakı təlim-məşq toplanışı barədə danışarkən deyib.
Kabo-verdeli yarımmüdafiəçi bildirib ki, düşərgədə ab-hava yüksəkdir: "Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir".
Qeyd edək ki, Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın rəqibi İsrailin "Aşdod" komandasıdır. Ağdam təmsilçisi ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.