"Bu görüşdə qalib gəldiyimiz üçün komandadan razıyam. Düşünürəm ki, bundan sonra vəziyyət dəyişiləcək. Çünki "Simurq"la heç-heçə edən də eyni heyət idi". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin hücumçusu Nikolas Kanales deyib.
O, Ernest Nforun əvəzedici heyətə göndərilməsi və bu səbəbdən, onun əsas heyətdə daha çox yer alması ilə bağlı bunları deyib: "Meydana çox və ya az çıxmağımızın Nforun əvəzedici heyətə göndərilməsi ilə heç bir əlaqəsi yoxdur. Kim yaxşıdırsa, o da meydana çıxıb oynamalıdır".
Çilili hücumçu "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında baş tutan matçın azarkeşsiz oynanılmasına da münasibət bildirib: "Əgər bu "Böyük oyun"dursa, burada mütləq azarkeş olmalıdır. Düşünürəm ki, rəqib azarkeşlərin stadionda olmaması oyuna müəyyən mənada təsir etdi".
Kanales növbəti turda "Neftçi"nin "Qəbələ" ilə keçirəcəyi səfər matçından da söz açıb: "Qəbələdə oynamaq həmişə çətindir. Çünki bu komanda öz meydanında həmişə yaxşı oynayır. Vaxtımız azdır və uzun yol gedəcəyik. Bunun üçün mütləq yaxşı bərpa prosesi keçməliyik".